Test plan və test strategiyası
İki sənəd tez-tez qarışdırılır və interviewdə məhz bu fərq soruşulur:
- Test strategiyası — təşkilat və ya məhsul səviyyəsində uzunmüddətli sənəd. Sual: "biz ümumiyyətlə necə test edirik?" Test səviyyələri, alətlər, mühitlər, avtomatlaşdırma yanaşması, defekt idarəetmə qaydaları. Nadir dəyişir.
- Test planı — konkret layihə/release üçün sənəd. Sual: "bu release-i kim, nə vaxt, hansı resursla necə test edəcək?" Scope, cədvəl, məsuliyyətlər, entry/exit meyarları, risklər.
Sadə yaddaş qaydası: strategiya = necə (davamlı prinsiplər), plan = kim, nə vaxt, nə qədər (bu dəfə).
| Test planının bölməsi | Nə yazılır | Niyə vacibdir |
|---|---|---|
| Scope (in / out) | Nə test olunur və — xüsusilə — nə test OLUNMUR | Ən vacib bölmə: gözləntiləri əvvəlcədən uyğunlaşdırır və sonrakı mübahisələri aradan qaldırır |
| Test yanaşması | Hansı səviyyələr, növlər və texnikalar tətbiq olunacaq | Komanda eyni yanaşmanı paylaşır, boşluqlar görünür |
| Entry criteria | Testə başlamaq üçün nə hazır olmalıdır (build deploy olunub, smoke keçib, test datası var) | Yarımçıq build-ə vaxt itirməyin qarşısını alır |
| Exit criteria | Testi bitmiş saymaq şərtləri (kritik bug 0, planlanan case-lərin 95%-i icra olunub) | "Nə vaxt bitir?" sualına obyektiv cavab verir |
| Mühit və test datası | Hansı mühitlər, hansı inteqrasiyalar mock-dur, data haradan gəlir | Sığortada real ödəniş şlüzü sınana bilmir — bunu əvvəlcədən razılaşdırmaq lazımdır |
| Risklər və asılılıqlar | Nə testi bloklaya bilər və planın ehtimalı | Gecikmə sürpriz olmur — əvvəlcədən bildirilib |
| Rollar və cədvəl | Kim nəyə cavabdehdir, hansı tarixlərdə | Məsuliyyət boşluqları görünür |
IEEE 829 və Agile reallığı. Klassik IEEE 829 test plan şablonu 20+ səhifəlik sənəddir. Bir çox interviewer onun bölmələrini soruşur, amma real Agile komandalarda onu tam yazan demək olar ki, yoxdur — yazılsa da, ikinci sprintdə köhnəlir.
Agile-da işləyən yüngül alternativlər:
- Bir səhifəlik test plan — scope, yanaşma, risklər, exit criteria; bir A4 səhifə
- Test strategy on a page — komandanın davamlı razılaşmaları bir yerdə
- Definition of Done — hər story üçün faktiki exit criteria rolunu oynayır
- Release test checklist — hər release-də təkrarlanan addımlar
- Test charter-lər — exploratory sessiyalar üçün
İnterviewdə ideal mövqe: klassik şablonu bilirsən, amma Agile-da nəyin praktik olduğunu da bilirsən. Yalnız birini bilmək zəiflikdir.
Entry/exit criteria interviewdə çox soruşulur, çünki onlar QA-nın obyektivliyini göstərir. Yaxşı exit criteria ölçülə biləndir: "0 kritik və 0 yüksək severity açıq bug, planlanan case-lərin ən azı 95%-i icra olunub, bütün kritik axınların regression-u keçib". Pis exit criteria: "test kifayət qədər aparılıb". İkinci variantı deyəndə sual dərhal gəlir: "kifayət qədəri kim müəyyən edir?"